Naxçıvanda təqaüddə olan müəllimlərlə görüş keçirilib - FOTO
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Təminə Babayeva və Nuray Əliyeva, həmçinin Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təminə Mustafayeva uzun illər pedaqoji fəaliyyət göstərmiş, hazırda təqaüddə olan müəllimlərlə görüşüblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı müəllimlərin pedaqoji fəaliyyəti, təhsil sahəsinə verdikləri töhfələr və zəngin əmək yolu barədə söhbət aparılıb, onların xatirələri dinlənilib.
Qeyd olunub ki, İradə Quliyeva 1981-ci ildən Naxçıvan şəhər 10 nömrəli məktəbdə pedaqoji fəaliyyət göstərib. Əmək fəaliyyəti dövründə müxtəlif fəxri fərmanlarla təltif olunan İradə Quliyeva 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. O, 2024-cü ildə təqaüdə çıxıb.
Səkinə İbrahimova isə 1979-cu ildən Naxçıvan şəhər 14 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb və 43 il fasiləsiz müəllim kimi çalışıb. 2022-ci ildə təqaüdə çıxıb.
Görüşdə müəllim əməyinin cəmiyyətin və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb, ömrünü təhsilə və şagirdlərin yetişdirilməsinə həsr edən müəllimlərə ehtiram ifadə olunub.
Təqaüddə olan müəllimlərə möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulanıb, bütün müəllimlər Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediliblər.










