Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan 115 uşağa hədiyyələr verilib
15 Sentyabr – Bilik Günü ərəfəsində Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkil etdiyi tədbirdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid və qazi övladları, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar iştirak ediblər.
Görüşdə uşaqlara məktəbli geyimi, çanta və ayaqqabı təqdim olunub.
Qeyd edilib ki, Naxçıvanın rayonlarında da analoji görüşlər keçirilib və ümumilikdə xüsusi kateqoriyadan olan 115 uşağa məktəbli geyimi, çanta və ayaqqabı verilib.
Həmçinin bildirilib ki, Həmkarlar İttifaqları Şurası tərəfindən ötən dövrdə 2119 şəhid və qazi övladına və sosial qayğıya ehtiyacı olan uşağa müxtəlif hədiyyələr təqdim edilib, 613 uşaq üçün isə Ağbulaq İstirahət Mərkəzində istirahət və yay düşərgələri təşkil olunub.








