NDU Texniki Kollecinin nümayəndə heyəti İğdırda ekskursiyada olub - FOTO
Türkiyə səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti üçün İğdır bölgəsinin tarixi və turistik məkanlarına ekskursiya proqramı təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqramı çərçivəsində kollektiv əvvəlcə İğdırın Tuzluca rayonunda yerləşən və təbiətin nadir möcüzələrindən sayılan Tuzluca Duz Mağarasını ziyarət edib. Burada iştirakçılara mağaranın geoloji quruluşu, duz qatlarının formalaşma xüsusiyyətləri, eləcə də müalicəvi və sağlamlığa faydalı təsirləri barədə ətraflı məlumat verilib. Təşkil olunan yürüş zamanı müəllim və tələbələr bölgənin ekoloji və turizm potensialı ilə yaxından tanış olublar.
Gəzintinin növbəti ünvanı İğdır Soyqırım Anıt-Muzeyi olub. Muzeydə XX əsrin əvvəllərində türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımları əks etdirən sənədlər, arxiv fotoları, maketlər və digər tarixi eksponatlar nümayiş etdirilib. Muzey bələdçiləri qonaqlara həmin dövrün ictimai-siyasi vəziyyəti və baş verən faciələrin tarixi əhəmiyyəti barədə məlumat veriblər.
Maarifləndirici və mədəni baxımdan əhəmiyyətli olan bu ekskursiya iştirakçılarda İğdır bölgəsinin təbiəti, tarixi və mədəni irsi haqqında geniş təsəvvür yaradıb.











