Öhdəliklərin icrasının təmin edilməsinin hansı üsulları vardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Öhdəliklərin icrasının təmin edilməsinin hansı üsulları vardır?
Cavab: Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır. Zaminlik zaminin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsidir. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Beh isə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
Öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı








