Öldürməklə hədələmə hansı halda cinayət məsuliyyəti yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hər hansı şəxsi öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmək cinayət məsuliyyəti yaradırmı?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyətinə səbəb olur.
Hədənin icra ediləcəyi üçün real əsaslar dedikdə hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədənin həyata keçirilməsinə imkan verən silah və digər vasitələrin mövcudluğu, hədələyən şəxsi xarakterizə edən əlamətlər, o cümlədən onun sərxoşluğu, ictimai qaydanı tez-tez pozması, əvvəllər törətdiyi cinayətə görə məhkum olunması, psixi cəhətdən qeyri-sabit olması, habelə hədələyən şəxslə zərərçəkmiş arasında əvvəllər mövcud olmuş münasibətlər nəzərdə tutulur.
Həmin əməli törətmiş şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı








