
Qədim sirlərin açıldığı ərazi: Xaraba Gilan
İyul ayının 3-də AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Tarix-filologiya fakültəsinin müəllimləri, həmin sahə üzrə təhsil alan tələbələr arxeoloji qazıntı ərazilərində aparılan işlərlə yaxından tanış olmuşlar.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli ekspedisiya müddətində əldə etdiyi artefaktların Naxçıvan tarixinin araşdırılması və öyrənilməsindəki əhəmiyyətindən söz açıb. “Arxeoloqların yay məktəbi” adlı layihənin gənc tədqiqatçıların yetişməsindəki roluna diqqət çəkib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilov qonaqlara geniş və hərtərəfli məlumat vermişdir. Onu da qeyd edək ki, Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya 2 iyun 2025-ci il tarixdən Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində arxeoloji qazıntılara başlamışdır. Qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət nümunələri Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekspedisiya müddətində Xaraba Gilan şəhərinin içəri şəhər adlanan hissəsinə və Narınqalaya gedən giriş yolu, yəni qala qapısı aşkar olunmuşdur. Dairəvi və dördkünc formalı tikililər, 1 ədəd mis sikkə, , keramika məmulatları, ocaq izi və heyvan sümüyünün qalıqları həmin dövrün araşdırılması üçün olduqca əhəmiyyətlidir.
Qonaqların diqqətini daha çox çəkən maddi mədəniyyət nümunəsi isə tədqiqatçının aşkar etdiyi daş kitabədir. Daş kitabə nəstəliq xəttilə yazılmışdır və 4 sətirdən ibarətdir. Toğrul Xəlilov ilkin təhlil zamanı daş kitabənin dördüncü sətrində Salur tayfasına məxsus damğa işarəsini aşkar etdiyini qeyd edib. Arxeoloq Xaraba Gilan şəhər yerində tapılan ən unikal maddi mədəniyyət nümunəsinin bu daş kitabə olduğunu vurğulayıb.
Ekspedisiya ərazisində aparılan qazıntı işlərilə tanış olan İsmayıl Hacıyev tariximizin görünməyən qatlarının araşdırılması və maddi mədəniyyət nümunələrinin aşkar edilməsi işinin sadəcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin də elmi əsaslarla öyrənilməsinə mühüm töhfələr verdiyini qeyd edib.