Naxçıvanda “İntellekt dalğası regionlarda” adlı layihənin  icrasına başlanılıb -

Naxçıvanda “İntellekt dalğası regionlarda” adlı layihənin icrasına başlanılıb - FOTO

04 İyul 2025

İyulun 4-də Şərur şəhərində “Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsinin açılış tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov giriş sözü ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi elan edib. “Estafet” Gənclərin İctimai Birliyi bu müsabiqəyə “İntellekt dalğası regionlarda” adlı layihə ilə müraciət edərək qalib olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən qrant ayrılıb və bu gün layihənin icrasına başlanılır.

Layihənin əsas ideyası Naxçıvan Muxtar Respublikasının 7 rayonunda gənclərin intellektual potensialını inkişaf etdirmək və onları bilik yarışları vasitəsilə bir araya gətirməkdir. Bu layihə, gənclərin düşünmə bacarıqlarını və analitik qabiliyyətlərini inkişaf etdirmək məqsədilə müxtəlif mövzular üzrə intellektual yarışların təşkilini nəzərdə tutur. Layihə həmçinin regionlar arasında mədəni və intellektual əlaqələrin gücləndirilməsinə və gənclərin sağlam rəqabət və əməkdaşlıq ruhunun təşviq edilməsinə yönəlib.

Məlumat verilib ki, ilkin mərhələdə Şərur, Sədərək, Kəngərli, Ordubad, Culfa, Babək və Şahbuz rayonlarında gənclərdən ibarət komandaların iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında seçmə yarışlar keçiriləcək. Rayon seçmələrində qalib olan 7 komanda üçün Naxçıvan şəhərində “İntellekt Çempionatı” adlı final yarışı təşkil olunacaq. Finalda qalib olan 3 komandanın üzvləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.

Çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Pərvin Nəcəfsoy deyib ki, keçirilən bu cür intellektual yarışlar gənclərin müxtəlif sahələrə olan marağını artırır. Gənclər daha çox oxumağa, araşdırmağa və öyrənməyə təşviq olunur, onlar arasında əməkdaşlıq və qarşılıqlı dəstək ruhu güclənir. Bu layihə gənclərin intellektual inkişafına və sosial əlaqələrinin gücləndirilməsinə yönəlmiş çox gözəl bir təşəbbüsdür. Regionlarda yaşayan gənclərin biliklərini artırmaq, analitik düşünmə qabiliyyətlərini inkişaf etdirmək və yeni biliklər əldə etmələrini təmin etmək onların gələcək uğurlarına böyük töhfə verə bilər.

Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov çıxış edərək deyib ki, bu cür layihələr rayon gənclərinin bilik və bacarıqlarını sınamaq, intellektual inkişaflarını artırmaq üçün gözəl bir fürsət yaradır. Şərur rayon gəncləri də belə layihələrdə həvəslə iştirak edir, öz potensiallarını nümayiş etdirirlər.

Sonra 10 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Şərur rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumidünyagörüşünü əhatə edən 24 sual səsləndirilib.

Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Victory” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

İntellektual yarışda ümumilikdə 60 nəfər şərurlu gənc iştirak edib.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.