
Naxçıvanda qeyri-yaşayış obyektləri üçün istismar icazələrinin qəbulu davam edir
Sahibkarlıq subyektləri tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam riayət olunmadan tikilən qeyri-yaşayış təyinatlı binaların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədi ilə ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ölkəmizdə, o cümlədən muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni imkanlar açıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti muxtar respublika ərazisində sifarişçilərin müraciətləri əsasında istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin verilməsini davam etdirir. Cari ilin ötən dövründə Xidmət tərəfindən ümumilikdə 28 belə obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.
Xatırladaq ki, 2023-cü il iyun ayının 1-dək tikintisi tamamlanmış, tikintiyə müvafiq icazə sənədləri olmayan obyekt sahibləri həmin obyektin istismarına icazə almaq üçün 2026-cı il 1 yanvar tarixinədək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Nazirlik sifarişçinin etdiyi müraciəti və ona əlavə olunmuş sənədləri 1 iş günü müddətində elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir.
Xidmət müraciətin daxil olduğu tarixdən 15 iş günü müddətində yerquruluşu planı hazırlayaraq elektron qaydada Nazirliyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və sifarişçiyə təqdim edir.
Sifarişçi Fövqəladə Hallar Nazirliyinə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini, qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda mühəndis-axtarış işlərinə dair hesabatları və layihənin konstruksiya bölməsini təqdim edir. Nazirlik 30 iş günü müddətində müraciətə baxır və müsbət rəy verdiyi layihəni Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir.
Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı isə 5 iş günü müddətində aparılmış müayinənin nəticələrinə əsasən tikinti obyektinin istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün göndərir. Müvafiq sənədlər əsasında qeyri-yaşayış obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınır və hüquq sahibinə çıxarış verilir.
Sahibkarların nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli Fərmanı ilə tikinti obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə verilməsi üçün müraciət müddəti 1 yanvar 2026-cı il tarixədək uzadılıb. Müəyyən edilmiş müddətin başa çatmasına 6 aydan az vaxt qaldığını nəzərə alaraq sahibkarlıq subyektlərini qanunvericiliyin müəyyənləşdirdiyi mövcud imkanlardan bəhrələnməyə, mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün təxirə salınmadan aidiyyəti üzrə müraciət etməyə dəvət edirik.