
Arxivlərin transformasiyası: Kağızdan rəqəmsala keçid mövzusunda tədbir keçirilib - FOTO
İyulun 4-də Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dəstəyi ilə “Arxivlərin transformasiyası: kağızdan rəqəmsala keçid” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin məqsədi müasir dövrdə arxivlərin rəqəmsallaşdırılması prosesinin aktuallığını vurğulamaq, mövcud problemləri müzakirə etmək və təcrübə mübadiləsinə şərait yaratmaq idi.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov giriş sözü ilə çıxış edərək arxiv sistemlərinin modernləşdirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, rəqəmsallaşdırma texnoloji yenilənmə ilə yanaşı, həm də sənədlərin uzunmüddətli qorunması, informasiya təhlükəsizliyinin təmin olunması və ictimaiyyətə daha operativ çıxış imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov arxiv sənədlərinin qorunması, hüquqi tənzimləmə və beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüb.
Ardınca Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarışı idarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Əli Qasımlı, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Hüseynəliyev və Şahin İsmayılov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov çıxış ediblər. Tədbir iştirakçıları arxivlərin rəqəmsallaşdırılmasının strateji və mədəni əhəmiyyət daşıdığını vurğulayıb, milli rəqəmsal arxiv standartlarının hazırlanması və informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, rəqəmsallaşdırmada istifadə olunan proqram təminatları və texniki vasitələr, kadr hazırlığı və rəqəmsal savadlılığın artırılması kimi məsələlər müzakirə olunub.
Tədbirin sonunda təklif və tövsiyələrdən ibarət rəy və fikirlər dinlənilib.
