Hərbi prokuror Naxçıvanda görüş keçirib -

Hərbi prokuror Naxçıvanda görüş keçirib - FOTO

04 İyul 2025

Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradovla birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Daxili Qoşunların yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə Daxili Qoşunların Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilib, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Görüşdə Dövlət Himni səsləndirilib, iştirakçılara Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.

Çıxışlarda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin hərbçilərin məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.