Sağlamlıq məlumatları vahid elektron sistemdə toplanacaq

Sağlamlıq məlumatları vahid elektron sistemdə toplanacaq

03 İyun 2026

Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu reyestrlər vətəndaşların sağlamlıq göstəricilərinin, müalicə, peyvənd, laborator müayinə nəticələrinin, resept və digər sağlamlıq məlumatlarının vahid strukturda saxlanılmasını və səhiyyə müəssisələri arasında standartlaşdırılmış şəkildə mübadiləsini təmin edir:

"Məlumatların vahid informasiya məkanında toplanması süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcək".

Nazir qeyd edib ki, həmçinin rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünü təmin etmək məqsədilə tibbi məlumatların maliyyə sistemləri də daxil olmaqla digər dövlət informasiya sistemləri ilə inteqrasiyası təmin ediləcək.