Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro arasında beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi vacibdir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərkən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda, xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, parlament diplomatiyasının roluna xüsusi diqqət yetirilib. Bununla yanaşı, parlamentlərin profil komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu yüksək qiymətləndirib.
2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu bildirən qonaq dövlətlərarası əlaqələrin inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib. Ervin İbrahimoviç bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.








