Şəhid Toğrul Məmmədovun ordenlə təltif olunması ailəsində qürur hissi yaradıb

Şəhid Toğrul Məmmədovun ordenlə təltif olunması ailəsində qürur hissi yaradıb

25 İyun 2026

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Toğrul Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhidin qardaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov bu münasibətlə bildirib ki, dövlət başçısının qərarı ailələri üçün böyük qürur mənbəyidir.

Onun sözlərinə görə, Toğrul Məmmədovun 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində bu ali təltifə layiq görülməsi şəhidin Vətən uğrunda göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

“Qardaşım Toğrul Məmmədovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması ailəmiz üçün böyük qürur mənbəyidir. Şəhidlərimizin qəhrəmanlığının dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi hər bir şəhid ailəsinə verilən ən böyük mənəvi dəyərdir. Buna görə Prezident İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm”, – deyə Üzeyir Məmmədov qeyd edib.

Deputat vurğulayıb ki, şəhidlərin xatirəsi daim uca tutulur və onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün örnək olaraq qalacaq.