Döyüş meydanında qazanılan qələbələr Azərbaycan əsgərinin gücünü nümayiş etdirir

Döyüş meydanında qazanılan qələbələr Azərbaycan əsgərinin gücünü nümayiş etdirir

26 İyun 2026

1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ilk milli ordunun yaradılmasıdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi ləğv edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur.

Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin hələ birinci dövründə milli hərbi kadrların hazırlanması məqsədilə həyata keçirdiyi tədbirlər və bunun tərkib hissəsi kimi Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir. İmperiya tərkibində azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, əslində, ölkəmizin gələcəyi üçün atılan addım idi. O dövrdə ümummilli liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Ordumuzun əsas zabit heyətini təşkil etmişdir.

Müstəqillik tariximizi araşdırarkən bir həqiqət də öz təsdiqini tapır ki, Azərbaycanda dövlət və ordu quruculuğu prosesinə ulu öndərin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. 1991-ci il sentyabrın 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. Hələ hərbi parad keçirilməmişdən qabaq – 1992-ci il sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdi. Ümummilli lider həmin dövrü xarakterizə edərək demişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil Silahlı Qüvvələr yaratmaq prosesinə başladıq”.

Bu bir faktdır ki, güclü dövlətlərin hər biri müstəqilliklərinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalıb. Bu sınaqlar həm də həmin dövlətlərin güclənməsi yolunda yeni mərhələnin başlanğıcı olub. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan da müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşmışdı. Həmin illərdə ölkədə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. Yaranmış vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər torpaqlarımızı işğal edirdilər. Ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar isə düşmənə qarşı mübarizə aparmaq əvəzinə, şəxsi maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Bakıya – ali hakimiyyətə qayıtdı. Mövcud silahlı birləşmələr tezliklə vahid komandanlıqda birləşdirildi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması təmin olundu. Bununla da, ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Tezliklə ayrı-ayrı qoşun növləri üzrə ixtisaslaşmış hərbi hissələr yaradılaraq sistemləşdirildi. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı illər ötdükcə daha da yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi. Ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edildi. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanıldı, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşuldu. Bu gün Silahlı Qüvvələrimizin sülhməramlıları artıq müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artmasına və nəticə etibarilə ordumuzun güclənməsinə şərait yaratmışdır.

Ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Hərbi hissələrin maddi-texniki təminatı hər ötən il daha da möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti bu barədə demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Bu gün Naxçıvanda xalq-ordu birliyi yüksək səviyədədir. Bu gün yüksək döyüş hazırlığına malik olan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. Strateji yüksəkliklərdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Əlahiddə Ümumqoşun Ordunun ətraf ərazilərə maneəsiz nəzarət etməsi ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Şəxsi heyətin keçirilən gecə təlimlərində peşəkarlıq nümayiş etdirməsi Əlahiddə Ümumqoşun Ordunun istənilən relyef, məhdud görmə və hava şəraitində verilən tapşırıqları layiqincə yerinə yetirməyə qadir olduğuna heç bir şübhə yeri qoymur. Bəli, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin güclü əsaslarla qurduğu dövlət bu gün qüdrətli orduya malikdir. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz bu gün öz gücünü təkcə hərbi paradlarda nümayiş etdirmir,  öz sözünü həm də döyüş meydanlarında deyir.

Qüdrətli ordumuz xalqımıza əvvəlcə Lələtəpə, Cocuq Mərcanlı zəfərinin, Günnüt qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı isə Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. Həyata keçirilən əks-hücum əməliyyatları tezliklə “yenilməz Ermənistan ordusu”, “cəsur ermənilər” mifini yerlə yeksan etdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Xalqımız bir nəfər kimi cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək üçün hazır olduğunu bildirdi. Bu, xalqımızda vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirdi. Xalqımız bu məsələdə də yekdil mövqe tutaraq ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Rəşadətli Ordumuza güclü dəstək nümayiş etdirdi. Nəticədə, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsində, qanlı döyüş meydanlarında düşmənə sarsıdıcı zərbələr vuruldu. Üz-üzə, mərdanə döyüşdən qaçan düşmən xeyli sayda itki verdi. Çarəsiz qalan düşmən xalqımızda qorxu, təşviş yaratmaq məqsədilə mülki əhaliyə qarşı hücuma keçdi. Ancaq gözlədiyinin tam əksi ilə qarşılaşdı. Gəncədə, Bərdədə çoxlu dinc sakin həlak olsa da, xalqımız dözdü, təmkinini itirmədi, əksinə, ölkə Prezidentinin və Qüdrətli Ordumuzun ətrafında daha sıx birləşdi. Ordumuz isə hər bir itkiyə işğal altında olan kənd, şəhər və rayonlarımızı düşməndən azad etməklə cəbhədə cavab verdi. Xüsusən Şuşanın işğaldan azad edilməsi Ermənistanı tamamilə tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmadı. Noyabrın 10-da isə Azərbaycan Ermənistanı məhz öz “dəmir yumruğ”u sayəsində sülhə məcbur etdi. Həmin gün Azərbaycan və Rusiya prezidentləri Ermənistanın Baş naziri ilə birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası, Azərbaycanın isə tarixi qələbəsi oldu. Üçtərəfli razılaşma əsasında 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan azad edildi.

Azərbaycan 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radio-elektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi. Təbii ki, bugünədək əldə olunmuş nailiyyətlər, döyüş meydanında qazanılan qələbələr Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanmışdı. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı.  

Qafar QƏNBƏROV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı