Şərurda dəhşətli qətlin təfərrüatları açıqlandı

Şərurda dəhşətli qətlin təfərrüatları açıqlandı

23 Aprel 2025

Aprelin 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəhşətli qətl hadisəsi baş verib. Oğlanqala kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanın meyitinin su quyusunda tapılması barədə prokurorluğa məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, keçirilən araşdırmalar nəticəsində mərhumun həmkəndlisi – 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın tamah məqsədilə Zeynəb İsmayılovanı qəsdən öldürərək evinin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Hadisə yerinə gələn prokurorluq və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. O, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.