
Sərxoş halda nəqliyyat vasitəsi idarə etməyə görə məsuliyyət nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sərxoş halda nəqliyyat vasitəsi idarə etməyə görə məsuliyyət nədir?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqollu içkilərdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Qeyd olunan maddənin "Qeyd" hissəsində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını göstərdiyi halda, şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olduğu hesab edilir.
Bundan başqa, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:
1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
2. ayaq üstə sərbəst dayana bilmədikdə;
3. özünü idarə edə bilmədikdə.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas – Fərid Orucəliyev