Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

24 Fevral 2026

Süni intellektin təhsildə tam olaraq necə reallaşdırılması sual altındadır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda media nümayəndələri üçün brifinqdə deyib.

Onun sözlərinə görə, süni intellekt sahəsində dünya daha çox aydınlaşdırma mərhələsindədir: "Onun təhsildə necə reallaşdırılması hələ sual altındadır. Bunun üçün həm də tədris planları dəyişməlidir. Bu istiqamətdə tədbirlər davam etdirilir".

V.Xanlarov qeyd edib ki, süni intellektin tətbiqində əsas məqsədlərdən biri müəllim üçün şagirdə daha çox zaman ayırmasına şərait yaratmaqdır.

"Müəyyən olunan bir neçə metodologiyanı rəqəmsallaşdıra bilərik. Bu, müəllimə dəstək olacaq. Süni intellekt tənbəl müəllim və şagird yetişdirəcəkmi sualına gəlincə, demək istəyirəm ki, süni intellekt daha çox dataları təhlil edir. Müəllimlər üçün süni intellektin tətbiqinin əsas məqsədi onun işini asanlaşdırmaqdır", - o vurğulayıb.