Xaricidə təhsil alanlar üçün peşə tanınması imtahanının vaxtı bilinib
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan martın 17-də keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə ("Müəllimlik", "Mühəndislik", "Hüquq") keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.








