Tivi Su Elektrik Stansiyası Naxçıvanın enerji gələcəyinə töhfə verəcək

Tivi Su Elektrik Stansiyası Naxçıvanın enerji gələcəyinə töhfə verəcək

13 Avqust 2026

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2026-cı il tarixli Sərəncamı muxtar respublikanın dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, o cümlədən ənənəvi istilik elektrik stansiyalarının elektrik istehsalı payının tədricən azaldılmasına, enerji sistemində alternativ və bərpa olunan enerji resurslarının tətbiqinin yüksəldilməsinə töhfə verəcək.

Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.

Bu işlər çərçivəsində Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün ölkə başçısı tərəfindən 66,0 (altmış altı) milyon manat vəsait ayrılmışdır.

Sululuğuna görə Naxçıvan Muxtar Respublikasının üçüncü çayı olan Gilançayın  Tivi qolu üzərində yerləşəcək  su elektrik stansiyasının istismara qəbul edilməsindən sonra muxtar respublikanın alternativ enerji ilə təmin olunma payı əhəmiyyətli dərəcədə artacaq o cümlədən, enerjinin istehsalı zamanı ətraf mühitə atılan zəhərli maddələrin miqdarı və korbon emissiyası kifayət qədər azalacaqdır.

Stansiyanın istismarı zamanı illik 47 milyon kilovat saat elektrik enerjisinin hasil olunub sistemə ötürülməsi planlaşdırılır ki,  buda muxtar respublikanın ümumi enerji tələbatının 10 faizinə bərabərdir. Sistemə qoşulma prosesi yekunlaşdıqdan sonra muxtar respublikanın ümumi generasiya gücündə alternativ enerjinin payının yüksəldilməsi iqtisadi, texnoloji, ekoloji və enerji təhlükəsizliyi baxımından regiona mühüm töhfə verəcəkdir.

Şahin RƏHİMOV

Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı