WUF13-də 58 mindən çox şəxs iştirak edib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) indiyə qədər onlayn rejim daxil olmaqla, 58 mindən çox şəxs iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Bu forumda gələcəyin əməkdaşlığının təməli atılıb. Tədbir çərçivəsində 400-dən çox spiker çıxış edib. Onların 60-ı Azərbaycandan olub", -deyə o qeyd edib.
Sıədr əlavə edib ki, WUF13 Forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib: "WUF13-ün digər mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə keçirilən və "Yeni Şəhərsalma Gündəliyi"nin icrasının nəzərdən keçirildiyi yenidən formatlaşdırılmış nazirlər görüşü olub. İştirakçı 111 ölkədən 80-i nazir və nazir müavini səviyyəsində, qalanları isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində təmsil olunub".








