“Ağıllı şəhər” texnologiya ilə insan harmoniyasının vəhdəti kimi təqdim olunub
Müasir şəhərsalma artıq yalnız binaların inşası və yolların salınması ilə məhdudlaşmır. Bu gün şəhərsalma texnologiya, ekologiya və insan faktorunun harmoniyası kimi qəbul olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında təşkil olunan panel müzakirəsində səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və memarlıq şöbəsinin müdiri Şəfəq Cəfərova “Ağıllı şəhərlərdə texnologiya və insan harmoniyası” mövzusunda çıxış edərək bildirib ki, ağıllı şəhər və kəndlər qurularkən tarixi-memarlıq kimliyi, milli irs və insan mərkəzli yanaşma əsas götürülməlidir.
Onun sözlərinə görə, texnologiya milli arxitekturanı kölgədə qoymamalı, əksinə, tarixi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etməlidir.
Paneldə rəqəmsal xəritəçəkmə, coğrafi informasiya sistemləri, böyük data, yaşıllıqların ağıllı idarə olunması, tullantıların idarə edilməsi və alternativ enerji inteqrasiyalı memarlıq həllərinin əhəmiyyəti də vurğulanıb.
Şəfəq Cəfərova gəncləri və startapçıları şəhər və kəndlərin daha yaşıl, daha funksional və insan yönümlü inkişafı üçün innovativ ideyalar təqdim etməyə çağırıb.








