Naxçıvanda sertifikatlaşdırma nəticələri elan edildi
Naxçıvanda may ayında keçirilən müəllim sertifikatlaşdırma imtahanlarının nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərildi və apellyasiya mərhələsi başladı.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ikinci dövriyyə çərçivəsində 02, 03, 10 və 11 may tarixlərində keçirilən test imtahanlarında ümumilikdə 2748 müəllim iştirak edib, davamiyyət göstəricisi isə 99% təşkil edib.
Nəticələrindən narazı qalan müəllimlər 1 ay müddətində portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsi vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə baxıldıqdan sonra yekun nəticələr açıqlanacaq.
Bundan əlavə, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə imtahanda texniki nasazlıq aşkar edilib. Proqram təminatında 4 sual üzrə səhvə yol verilib — həmin suallara 1 bal əvəzinə 2 bal hesablanması nəticəsində bəzi iştirakçıların nəticələrində fərqlər yaranıb. Bu məsələyə dair müraciətlər həm portal.edu.az platforması, həm də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi vasitəsilə edilə bilər.








