Zəfərin və əbədi qürurun ünvanı: Yenidən doğulan Laçın
30 ilə yaxın davam edən ağır sınaq dövrü artıq əbədi olaraq tarixin yaddaşına qovuşub. Azərbaycan xalqının yaddaşında dərin izlər qoyan o illər - 1992-ci ilin 18 mayından başlayan işğal dövrü 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərlə sona çatıb. Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarılıb. 2022-ci il avqustun 26-da isə alternativ yeni yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun müzəffər nəzarətinə keçib. Bu tarix artıq xalqımız üçün həm də ədalətin bərpası, milli qürurun və zəfərin təntənə günüdür. Bəli, daha Laçını görmək üçün nə qartal olub göylərində uçmağa nə də bulaq olub torpağından süzülməyə gərək yoxdur. Çünki Laçın qürurla qayıtdığımız, ocağı tüstülənən əbədi yurdumuzdur.
Deyirlər, “Səbrin sonu səlamətdir”. Bizim də uzun illər davam edən mübarizəmizin və inamımızın mükafatı doğma Qarabağımız oldu. Biz xoşbəxt nəslin nümayəndələriyik. Hətta canlı şahidiyik ki, böyüklərimizdən eşitdiyimiz, illərlə siyasi arenalarda və beynəlxalq kürsülərdə səsləndirdiyimiz “Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır” həqiqəti nəhayət öz təsdiqini tapıb.
Məğrurluğun zirvəsi
Laçın ilk baxışdan sərt, vüqarlı və əzəmətli təbiəti ilə seçilir. Adındakı məğrurluğu özündə yaşadan bu diyar illərlə vandalizmə məruz qalsa da, bu gün hər qarışında dövlətimizin gücü və quruculuq əzmi görünür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı çərçivəsində Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Laçın şəhəri ilə yanaşı Zabux, Sus və Bəylik kəndlərində yüzlərlə fərdi ev tikilərək sakinlərinə təqdim olunub. Laçın Beynəlxalq Hava Limanı, Güləbird SES, magistral yollar, kanat xətti və Həkəri çayı su anbarı kimi strateji layihələr sayəsində bölgə tamamilə yenidən canlanıb. Eyni zamanda, açılan məktəblər, bağçalar, tibb müəssisələri və 40-dan çox müəssisəni birləşdirən Aqro-Sənaye Parkı laçınlıların işlə təmin olunmasına və rayonda həyatın qaynamasına şərait yaradıb.
Zəfərin xronikası və qayıdış sevinci
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçına etdiyi ardıcıl səfərlər bu dirçəlişin əsas təminatçısı olub. Dövlət başçısının şəxsən iştirakı ilə şəhərdə üçrəngli bayrağımız ucaldılıb, açarı sakinlərinə verilən evlər, ümumiyyətlə aprılan yenidənqurma işləri qısa zamanda xarabalıqların necə bərpa oluna biləcəyini bütün dünyaya göstərib.
Həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və quruculuq tədbirlərinin əsas məqsədi Laçına Böyük Qayıdışı təmin etməkdir. İlk köç karvanı 2023-cü ilin may ayında həyata keçirilən bu tarixi qayıdış ardıcıl olaraq davam etdirilir. İndiyə qədər Laçın şəhəri, Zabux, Bəylik və Sus kəndlərinə ümumilikdə 979 ailə (3665 nəfər) qayıdaraq daimi məskunlaşıb.
Sonda isə bizə Qarabağ Zəfərini yaşadan şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Günün mübarək, doğma Laçın!
Qoy azad səmanda daim Zəfər bayrağımız dalğalansın!
Fəxriyyə Səyyadova
jurnalist








