Naxçıvan şəhərində avtobuslarda itən əşyalarla bağlı müraciət qaydaları açıqlanıb - EKSKLUZİV
Xəbər verdiyimiz kimi, bu aydan Naxçıvan şəhərində sərnişindaşıma xidməti “BakuBus” MMC-nin müasir elektrikli avtobusları ilə təmin olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, indiyədək həmin avtobuslarda sərnişinlər tərəfindən unudulan bir sıra əşyalar aşkar edilib. Avtobuslarda unudulan və ya itən əşyalara görə MMC rəsmi məsuliyyət daşımır. Lakin sərnişinlərə dəstək olmaq məqsədilə unudulmuş əşyaların geri qaytarılması üçün şərait yaradılıb.
Sərnişinlər avtobuslarda unutduqları əşyaları geri almaq üçün “BakuBus” MMC-nin Naxçıvan şəhəri, Dairəvi yol küçəsində yerləşən Avtobus Parkındakı mərkəzi ofisinə müraciət edə bilərlər. Bunun üçün mühafizə xidmətinə yaxınlaşaraq itən əşya barədə məlumat vermək kifayətdir. Əgər əşya avtobusda tapılıbsa, sərnişin inzibati binaya gələrək onu təhvil ala bilər.
Qiymətli əşyalarını unudan və ya itirən sərnişinlər isə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Bundan sonra polisin sorğusu əsasında “BakuBus” avtobuslarının salonlarındakı daxili kameraların görüntüləri vasitəsilə əşyanın aqibəti araşdırıla bilər.
Qeyd edək ki, hazırda bir sıra itmiş əşyalarla yanaşı, 7 ədəd bank kartı da “BakuBus”un Naxçıvan şəhərindəki mərkəzi ofisində saxlanılır. Kart sahibləri quruma müraciət edərək onları geri ala bilərlər.








