14 iyul - Azərbaycanın inkişaf yolunun başlanğıcı

14 iyul - Azərbaycanın inkişaf yolunun başlanğıcı

14 İyul 2025

1969-cu il 14 iyul tarixi Azərbaycanın yeni tarixində dönüş nöqtəsi kimi yadda qalır. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ölkədə bütün sahələrdə köklü islahatlara və sürətli inkişafa start verildi. Bu tarix xalqımızın milli özünüdərkinə və gələcək müstəqilliyin təməlini qoyan mühüm mərhələ kimi dəyərləndirilir.

Ulu Öndərin rəhbərliyi ilə 1969-cu il avqustun 5-də keçirilən Azərbaycan KP MK-nın plenumunda ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətləri müəyyənləşdirildi, rüşvətxorluq və korrupsiyaya qarşı ciddi tədbirlər görüldü. 1970-ci illərdə isə respublika böyük tikinti meydanına çevrildi, şəhər və kəndlərdə əhalinin yaşayış şəraiti yaxşılaşdırıldı, infrastruktur genişləndi.

Bu siyasi irsin davamçısı olan Prezident İlham Əliyev, Ulu Öndərin ideyalarına söykənərək, Vətən Müharibəsində qazanılan Zəfərlə Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Neokolonial təzyiqlərə baxmayaraq, ölkəmiz ədalətli və qətiyyətli mövqeyi ilə seçilir.

Azərbaycan xalqı bu gün də Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyinə güvənir.