Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub - FOTO
Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə görkəmli alimin məktəbdəki büstü önünə gül dəstələri qoyulub, onun xatirəsinə yaradılan muzey ziyarət edilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ali Məclisin Sosial siyasət komitəsinin sədri Zeynəb Quliyeva Zərifə xanım Əliyevanın elmə verdiyi dəyərli töhfələrdən danışıb, Şahtaxtı kəndində dünyaya göz açmış görkəmli alimin tədqiqatlarının, qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil etdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər zəriflik mücəssəməsi Zərifə xanım Əliyevanın ideyalarının bu gün də yaşadığını, tibb elminin inkişafına xidmət etdiyini bildirib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşadığını vurğulayıblar.
Şahtaxtı kənd tam orta məktəbinin müəllimi Vüsalə Kazımova tərəfindən Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “İşıqlı irs” adlı STEAM Portret layihəsi təqdim olunub.
Sonda görkəmli alimin zəngin həyatı və elmi irsindən bəhs edən videoçarx nümayiş etdirilib.



















