Ali Məclisin deputatı İstanbulda keçirilən beynəlxalq elmi simpoziumda iştirak edib - FOTO
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Türkiyənin İstanbul şəhərində yerləşən Beykoz Universitetində “Türkiyə–Azərbaycan Geostratejisi” mövzusunda beynəlxalq elmi simpozium təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Simpoziumda Naxçıvan Ali Məclisinin deputatı Üzeyir Məmmədov iştirak edərək çıxış edib. Deputat çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və qlobal həmrəylik baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq milli dəyərlər, inkişaf və əməkdaşlıq ideyaları ətrafında birləşdirir.
Çıxış zamanı Azərbaycançılıq ideyasının tolerantlıq, insan amili və birlik mədəniyyəti üzərində formalaşdığı qeyd edilib. Deputat xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin bu ideyanın ən parlaq təzahürü olduğunu vurğulayıb və iki ölkə arasında formalaşmış strateji əməkdaşlıq modelinin bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Simpozium çərçivəsində Azərbaycan və Türkiyənin geostrateji əməkdaşlığı, Türk dünyasının birliyi, regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti, elmin və təhsilin dövlətlərarası münasibətlərin inkişafındakı rolu geniş müzakirə olunub.
Deputat həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycan–Türkiyə əlaqələrində mühüm logistik rol oynadığını və Türk dünyasında strateji və tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.











