Naxçıvan MR Rəssamlar Birliyində Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub -

Naxçıvan MR Rəssamlar Birliyində Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub - FOTO

25 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 24 dekabr tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni canlı ifa olunub.

Yubiley tədbiri çərçivəsində Naxçıvan MR Rəssamlar Birliyinin üzvlərinin iştirakı ilə təşkil olunmuş “Dahi bəstəkar” adlı tematik sərgi nümayiş etdirilib. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrindən ibarət “TURAN” vokal-instrumental ansamblının təqdimatında Üzeyir Hacıbəylinin ölməz əsərləri və müxtəlif musiqi kompozisiyaları səsləndirilib.

Tədbirin yüksək bədii-estetik səviyyədə təşkilində iştirak edən rəssamlara, “TURAN” vokal-instrumental ansamblının üzvlərinə, ansamblın rəhbəri Fəridə Ağayevaya, vokal ansamblın rəhbəri və dirijor Validə Hüseynovaya təşəkkür ifadə olunub.

Xüsusi olaraq AMEA Naxçıvan Bölməsinin rəhbəri, hörmətli İsmayıl Hacıyevin tədbirdə iştirakı yubiley mərasiminə xüsusi dəyər qatıb və onun gəlişi təşkilatçılar tərəfindən minnətdarlıqla qarşılanıb.

Tədbirdə Naxçıvan MR dövlət və hökumət nümayəndələri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun nümayəndələri, eləcə də Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri iştirak ediblər.

Tədbirin təşkilatçıları Naxçıvan MR Rəssamlar Birliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Rəssamlar İttifaqıdır.