Azərbaycanda statistika sisteminin müasirləşdirilməsi üçün işçi qruplar yaradılacaq

Azərbaycanda statistika sisteminin müasirləşdirilməsi üçün işçi qruplar yaradılacaq

25 Dekabr 2025

Azərbaycanda milli statistika sisteminin xarici auditi nəticəsində verilmiş tövsiyələr əsasında statistika sistemi son beynəlxalq standartlara uyğun şəkildə müasirləşdiriləcək və bununla bağlı 2031-2035-ci illərdə rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının layihəsi hazırlanacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

"Milli statistika sisteminin qlobal qiymətləndirilməsi nəticəsində verilmiş tövsiyələrlə bağlı müxtəlif dövlət orqanları arasında fikir ayrılıqları yarana bilər. Bu səbəbdən müvafiq məsələlərin razılaşdırılması məqsədilə işçi qrupların yaradılması nəzərdə tutulur", - sənəddə qeyd olunur.

Proqrama əsasən, 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafı üzrə növbəti mərhələ üçün prioritetlər müəyyənləşdiriləcək, sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinə uyğun informasiya təminatının təkmilləşdirilməsi məqsədilə 2031-2035-ci illərdə milli statistika sisteminin qarşısında duran əsas vəzifələr formalaşdırılacaq.

Eyni zamanda, rəsmi statistika məlumatlarından istifadə edənlər arasında keçirilmiş sorğuların nəticələri əsasında statistika orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması da nəzərdə tutulur.