Culfa şəhərində açıq hava idman qurğuları istifadəyə verilib -

Culfa şəhərində açıq hava idman qurğuları istifadəyə verilib - FOTO

25 Dekabr 2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ardıcıl şəkildə davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Culfa şəhərində sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, dekabrın 25-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova  yeni istifadəyə verilmiş idman qurğularına baxış keçirərək yaradılan şəraitlə yaxından tanış olublar.

Baxış zamanı idmanla məşğul olan yeniyetmə və gənclərlə söhbət edən rəsmi şəxslər avadanlıqlardan təhlükəsiz və düzgün istifadənin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür məkanlar gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi bu cür layihələr əhalinin sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına yönəlmiş addımların tərkib hissəsidir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, eləcə də skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu avadanlıqlar fiziki hazırlığın yüksəldilməsi, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün geniş imkanlar yaradır. Hazırda muxtar respublikanın şəhər, rayon və qəsəbələrində ümumilikdə 11 ərazidə açıq hava  idman  qurğuları əhalinin istifadəsinə verilib.

Bundan başqa rəsmilər Culfa rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində həyata keçirilən işlər ilə yaxından tanış olublar.