Naxçıvanda “Rəhbərlər üçün İnkişaf Proqramı”nın növbəti qrupu məzun olub - FOTO
“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təşkil olunan “Rəhbərlər üçün İnkişaf Proqramı”nın növbəti qrupu üzrə sertifikasiya imtahanı dekabrın 25-də keçirilib. Oktyabrın 6-da start götürən və iki ay davam edən təlim proqramı ASA – Azərbaycan Tədris Akademiyasının rəhbəri, ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu, təcrübəli təlimçi İlhamə Novruzova tərəfindən aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yekun sertifikasiya imtahanında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının 22 aparıcı nümayəndəsi iştirak edib. İmtahan çərçivəsində iştirakçıların proqram müddətində əldə etdikləri bilik və bacarıqlar, idarəetmə yanaşmaları, liderlik səriştələri və qərarvermə bacarıqları qiymətləndirilib.
Təlim proqramı boyunca iştirakçılara müasir idarəetmə mexanizmləri, effektiv liderlik, natiqlik və təqdimat bacarıqları, şəxsi effektivliyin artırılması, komanda işinin təşkili və situativ idarəetmə texnologiyaları üzrə nəzəri və praktiki biliklər aşılanıb. “Rəhbərlər üçün İnkişaf Proqramı” dövlət qurumlarında çalışan rəhbər heyətin peşəkar inkişafına töhfə verməklə yanaşı, idarəetmədə daha çevik, strateji və nəticəyönümlü yanaşmaların formalaşdırılmasını hədəfləyir.











