Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

01 May 2026

Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2026/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.