AZAL-dan uçuşla bağlı yenilik
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları (AZAL) yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Agentliyindən məlumat verilib.
Qərar Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə nəzarəti nəzərdə tutan müddəalarına uyğun aparılan araşdırmanın nəticəsində qəbul edilib.
Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.
"Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, yeni xidmət çərçivəsində internet bağlantısı "Viasat" peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.
Qeyd edilib ki, sərnişinlər uçuş zamanı sərfəli qiymətlərlə limitsiz, yüksək sürətli internetdən istifadə edə biləcəklər.
Biznes sinfi sərnişinləri, eləcə də "AZAL Miles" loyallıq proqramının "Elite" və "Platinum" statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.
İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.
Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil "Airbus A320neo" və "Airbus A321neo" tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə verilir.
"Beləliklə, "Azərbaycan Hava Yolları" istehlakçı hüquqları və rəqabət prinsiplərinə uyğun olaraq sərnişinlərinə müasir, rahat və keyfiyyətli uçuşdaxili internet xidməti təqdim edir", - məlumatda qeyd olunub.








