Naxçıvanda probasiya nəzarətində olan şəxslərlə fərdi görüşlər keçirilib -

Naxçıvanda probasiya nəzarətində olan şəxslərlə fərdi görüşlər keçirilib - FOTO

02 İyul 2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərlə fərdi görüşlər keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlərin məqsədi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin sosial adaptasiyasına, reabilitasiyasına, məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə reinteqrasiyasına dəstək göstərmək olub.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qeydiyyata alınaraq hər bir şəxs üzrə fərdi yanaşma əsasında müvafiq iş aparılıb. Eyni zamanda iştirakçılara dövlət tərəfindən təqdim olunan sosial dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onların məşğulluğunun təmin edilməsi, sosial rifahının yüksəldilməsi və cəmiyyətə uğurlu inteqrasiyasının dəstəklənməsi istiqamətində görülən tədbirlər barədə məlumat çatdırılıb.

Bildirilib ki, bu cür görüşlər probasiya nəzarətində olan şəxslərin yenidən cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, sosial problemlərinin həlli və gələcək həyatlarının daha sabit qurulması baxımından mühüm əhəmiyyət daşıyır.