Azərbaycan 140-dan çox ölkəyə yardım göstərib

Azərbaycan 140-dan çox ölkəyə yardım göstərib

10 Sentyabr 2026

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2000-ci illərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli iqtisadi inkişafı beynəlxalq yardım siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün zəruri iqtisadi və institusional əsaslar yaradıb və Azərbaycanı yardım alan ölkədən donor ölkəyə çevirib: “Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Onların sırasında Afrikanın bütün 54 dövləti, Qoşulmama Hərəkatına üzv 121 ölkədən 111-i, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 52-si, ən az inkişaf etmiş 44 ölkədən 43-ü və inkişaf etməkdə olan 39 kiçik ada dövlətindən 28-i yer alır”, - o bildirib.

Nazirin sözlərinə görə, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım mexanizmləri çərçivəsində təxminən 400 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. “Azərbaycanın bu istiqamətdə fəaliyyəti müxtəlif sahələri əhatə edib. COVID-19 pandemiyası dövründə Azərbaycan 88 ölkəyə yardım göstərib. Afrikada əməkdaşlığımız Ebola epidemiyasına qarşı mübarizəyə dəstəyi, eləcə də qarşısı alına bilən korluqla mübarizə təşəbbüsünü əhatə edib. Bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı həyata keçirilib. Bununla yanaşı, yerli tibb mütəxəssislərinin peşəkar potensialının gücləndirilməsi istiqamətində də işlər görülüb”, - XİN rəhbəri əlavə edib.