Naxçıvanlı tələbə beynəlxalq layihədə qalib gəldi
Naxçıvan Dövlət Universitetinin tələbəsi Rüqəyyə Həsənova beynəlxalq innovasiya platforması olan InnoCentive çərçivəsində keçirilən layihədə qaliblər sırasında yer alıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 18 yaşlı Rüqəyyə Həsənova universitetin Kimya müəllimliyi ixtisası üzrə III kurs tələbəsidir. O, may ayında ABŞ-nin iri enerji şirkətlərindən biri olan ExxonMobil tərəfindən InnoCentive platformasında təqdim edilən problemə öz həll təklifini göndərib.
Tələbənin sözlərinə görə, layihəyə ümumilikdə 220 həll yolu təqdim edilib. Aparılan qiymətləndirmə nəticəsində yalnız 4 layihə qalib seçilib. Bu layihələrdən biri Azərbaycanı, daha dəqiq desək, Naxçıvan Dövlət Universitetini təmsil edən Rüqəyyə Həsənovanın təqdim etdiyi həll olub.
Rüqəyyə Həsənova bildirib ki, layihə bir neçə mərhələli qiymətləndirmədən keçib. İlkin müraciətdən təxminən 45 gün sonra onun həlli yoxlama mərhələsini keçib. Daha sonra təsdiqləmə mərhələsində də seçilən layihə sənədləşmə prosesindən keçdikdən sonra mükafata layiq görülüb.
Layihə müəllifinə 5 min ABŞ dolları məbləğində mükafat ödənilib. Rüqəyyə Həsənovanın sözlərinə görə, mükafatın ödənilməsindən əvvəl layihənin nəticələri ilə bağlı bütün qiymətləndirmə və sənədləşmə prosedurları tamamlanıb.
Rüqəyyə Həsənova qeyd edib ki, InnoCentive platforması çərçivəsində müxtəlif böyük şirkətlər qarşılaşdıqları konkret problemləri təqdim edir və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər həmin problemlərə həll yolları təklif edirlər. Seçilən layihələrin müəllifləri isə mükafatlandırılır.
Gənc tələbə bu uğurun Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, platformanın fəaliyyət göstərdiyi dövrdə Azərbaycandan qalib layihənin seçilməsi ilə bağlı statistikaya rast gəlinməyib və bu nəticəni Azərbaycanı təmsil edən ilk qalib layihə kimi qiymətləndirir.








