Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib.
Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.








