Prezidentin Fərmanı maaş artımı nəzərdə tutur? – İZAH
Prezident İlham Əliyevin dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair imzaladığı Fərman bəzi saytlarda və sosial şəbəkələrdə “maaş artımı” kimi təqdim olunub.
Bəs Fərman həqiqətən dövlət qurumlarında çalışanların maaşının artırılmasını nəzərdə tuturmu?
Fərmanda əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri hesabına əməkdaşlara verilə biləcək əlavə ödənişlərin çərçivəsi müəyyənləşdirilir.
Yeni qaydalara əsasən, müəyyən kateqoriyaya aid işçilərə büdcədənkənar vəsait hesabına verilən vəzifə maaşına əlavənin yuxarı həddi aylıq vəzifə maaşının 1 mislinədək müəyyən edilir.
Məsələn, vəzifə maaşı 500 manat olan işçi üçün bu, avtomatik olaraq maaşın 1000 manata qalxması demək deyil. Sadəcə, müvafiq şərtlər və büdcədənkənar vəsait olduğu halda həmin işçiyə 500 manatadək əlavə ödəniş verilməsi imkanını yaradır.
Bundan başqa, mükafat və digər ödənişlərin yuxarı həddi təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizi ilə məhdudlaşdırılır.
Ekspertlər bildirir ki, burada əsas məqam ödənişlərin avtomatik xarakter daşımamasıdır. Yəni Fərman bütün dövlət qurumlarında çalışanların maaşının ikiqat artırılması və ya hər bir işçiyə əlavə vəsait ödənilməsi barədə qərar deyil.
Fərmanın 3.2-ci bəndində isə aidiyyəti qurumlarda çalışanların vəzifə maaşlarında artımlar olduqda Maliyyə Nazirliyinin bununla bağlı Prezidentə təkliflər hazırlamalı olduğu qeyd edilir.
Bu müddəa gələcəkdə ayrıca maaş artımı ilə bağlı qərarın qəbul edilməsi üçün mexanizm nəzərdə tutur. Lakin həmin bəndin özü maaş artımı qərarı hesab olunmur.
Beləliklə, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan “maaşlar artırıldı” məlumatına ehtiyatla yanaşmaq lazımdır. Fərmanın hazırkı mahiyyəti maaşların birbaşa artırılması deyil, büdcədənkənar vəsaitlər hesabına müəyyən əlavə ödənişlərin verilməsi imkanının və qaydalarının müəyyənləşdirilməsidir.
Eyni zamanda, 2027-ci il yanvarın 1-dən müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, sosial müdafiəyə yönəldilən hissədən qalan büdcədənkənar vəsaitlərin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur.








