Azərbaycanda 7 ayda 331 mindən çox vergi ödəyicisi qəbul edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 331 137 şəxs qəbul edilib və onlara 549 291 sayda xidmət göstərilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 55,3 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 16,8 min sayda yazılı müraciət cavablandırılıb, 13,5 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 3 146 vergi ödəyicisinin iştirakı ilə 222 görüş keçirilib, 3 997 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3,2 milyon SMS göndərilib.








