Azərbaycanın tarixi qələbəsi

Azərbaycanın tarixi qələbəsi

06 Noyabr 2026

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar zamanın fövqündə dayanaraq milli yaddaşımıza əbədi həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdən biridir. Bu gün xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, birliyinin, Vətən sevgisinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Zəfər Günü Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı, milli ruhun və dövlətçilik əzminin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Otuz ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal altında qalmış, yüz minlərlə soydaşımız doğma yurd-yuvalarından didərgin düşmüşdü. Qarabağ və ətraf rayonlarımızda tarixi-mədəni abidələrimiz dağıdılmış, şəhər və kəndlərimiz viran qoyulmuşdu. Lakin bütün bu illər ərzində Azərbaycan xalqı öz torpaqlarını azad etmək əzmindən, tarixi ədalətin bərpa olunacağına inamından bir an belə dönmədi.

Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmadı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası, güclü ordu quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət ölkəmizin gələcək qələbəsinin möhkəm təməlini yaratdı. Bu siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə güclənərək tarixi hədəfinə doğru inamla irəlilədi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu misilsiz rəşadət, peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Hər bir qarış torpaq uğrunda mübarizə aparan əsgər və zabitlərimiz xalqımızın azadlıq iradəsini bütün dünyaya nümayiş etdirdilər.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər yaşayış məntəqələrinin azad edilməsi Azərbaycanın hərbi qüdrətinin və xalq-ordu birliyinin parlaq təzahürü oldu. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici dönüş yaratdı. Qədim mədəniyyət beşiyimiz, Qarabağın tacı olan Şuşanın düşmən işğalından azad olunması xalqımıza böyük sevinc və qürur yaşatdı. Məhz bu tarixi hadisə 8 Noyabrın Zəfər Günü kimi qeyd edilməsini şərtləndirdi.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər davam edən işğala son qoyulması, beynəlxalq hüququn və tarixi ədalətin bərpası idi.

Zəfərin ən böyük qəhrəmanları, heç şübhəsiz, Vətən uğrunda canından keçən şəhidlərimizdir. Onların müqəddəs qanı ilə yazılan bu tarix xalqımızın yaddaşında əbədi yaşayacaq. Qazilərimizin göstərdiyi fədakarlıq, döyüş meydanında nümayiş etdirdikləri cəsarət və qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Hər bir şəhid ailəsinə, hər bir qazimizə xalqımızın sonsuz ehtiramı və minnətdarlığı var.

Zəfərin əsas dayaqlarından biri də Azərbaycan xalqının nümayiş etdirdiyi möhtəşəm birlik və həmrəylik idi. Müharibənin ilk günlərindən etibarən ölkəmizin bütün bölgələrində insanlar vahid amal ətrafında birləşdi. Ön cəbhədə döyüşən əsgər və zabitlərimiz arxalarında bütöv bir xalqın dəstəyini hiss edirdilər. Bu birlik bir daha sübut etdi ki, Azərbaycan xalqı söhbət Vətənin taleyindən gedəndə bütün fərqləri kənara qoyaraq vahid yumruq kimi birləşməyi bacarır.

Bu tarixi qələbə Azərbaycan dövlətinin beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Ölkəmiz öz gücünə, siyasi iradəsinə və milli birliyinə arxalanaraq qarşıya qoyduğu strateji məqsədlərə nail ola biləcəyini nümayiş etdirdi. Azərbaycan Ordusunun müasir hərbi texnologiyalardan və peşəkar döyüş strategiyasından istifadə etməsi dünya hərbi ekspertlərinin də diqqətini cəlb etdi.

Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, yollar, körpülər, hava limanları, enerji və kommunikasiya infrastrukturu yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bir zamanlar xarabalığa çevrilmiş torpaqlarımız bu gün quruculuğun, inkişafın və gələcəyə inamın ünvanına çevrilir.

Bu baxımdan Zəfər Günü yalnız keçmişdə qazanılmış qələbəni qeyd etmək deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyəti dərk etmək deməkdir. Biz bu qələbənin qədrini bilməli, şəhidlərimizin əziz xatirəsini yaşatmalı, dövlətimizin güclənməsi və milli birliyimizin qorunması naminə əlimizdən gələni etməliyik.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Bu gün bizə xatırladır ki, güclü dövlət, müdrik rəhbərlik, qüdrətli ordu və xalq birliyi olduqda ən çətin hədəflərə belə çatmaq mümkündür. Azərbaycan öz tarixinin ən şanlı səhifələrindən birini yazaraq bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, milli iradə və azadlıq əzmi heç bir qüvvə qarşısında məğlub ola bilməz.

Bu gün üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda əzəmətlə dalğalanması şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsi, xalqımızın milli qürurunun təcəssümüdür.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, birliyimiz sarsılmaz olsun!

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti