Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər

Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər

06 Noyabr 2026

Azərbaycanda əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının hesablanması və faktiki ödənilməsi barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə ehtiyac var: "Bu səbəbdən əməkdaşların böyük əksəriyyətinə əməkhaqqı və digər ödənişlərin Nazirlər Kabinetinin elektron informasiya sisteminə ötürülən məlumatlar əsasında, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi təklif olunur. Təklif olunan mexanizm çərçivəsində müvafiq ödənişlərin işçinin sərbəst şəkildə seçdiyi elektron hesabına köçürülməsi nəzərdə tutulur".

"Bu dəyişikliyin nəticəsində əməkhaqqının vaxtında və tam ödənilməsi imkanlarının genişləndirilməsi, ödənişlərdə gecikmə hallarının aşkar edilməsi, eyni zamanda əmək və sosial sığorta ödənişlərinin elektron qaydada həyata keçirilməsi yolu ilə qeyri-rəsmi məşğulluğun və kölgə iqtisadiyyatının qarşısının alınması hədəflənir. Yeni mexanizm işəgötürənlərin inzibati yükünün azaldılmasına, sosial sığorta məlumatlarının avtomatlaşdırılmasına və vətəndaşların öz gəlirləri barədə məlumatlara çıxışının asanlaşdırılmasına imkan verəcək. Bütün bunlar əməkhaqqının ödənilməsində şəffaflığın artırılmasına və bu prosesə elektron nəzarətin gücləndirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.