Naxçıvan şəhərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib -

Naxçıvan şəhərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTO

06 Noyabr 2026

5 noyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə təntənəli tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev iştirakçıları hər iki bayram münasibətilə təbrik edib. O bildirib ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının qürur və iftixar mənbəyidir. Bu iki tarixi gün xalqımızın azadlıq, suverenlik və milli birliyinin təcəssümüdür.

Anar Babayev çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə ilə nəticələnib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli Ordumuz düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yararaq şəhər və kəndlərimizi işğaldan azad edib, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni və şanlı səhifələr yazıb.

Anar Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən də şəhid ailələri və qazilərlə işin səmərəli təşkili, onların sosial ehtiyaclarının öyrənilməsi, müraciətlərinə həssas və operativ yanaşılması, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirdə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid Emin Rüstəmovun anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova və Vətən müharibəsi iştirakçısı, qazi Pərviz Muradov çıxış edərək Azərbaycan Ordusunun qəhrəmanlığı, xalq-dövlət birliyinin sarsılmazlığı, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra bədii hissə ilə davam edən tədbir iştirakçılarda xoş təəssürat yaradıb.