Babəkdə uşaqların kütləvi tibbi müayinələrinin nəticələri açıqlanıb -

Babəkdə uşaqların kütləvi tibbi müayinələrinin nəticələri açıqlanıb - FOTO

04 May 2026

Babək rayonunda uşaqlar arasında aparılan kütləvi profilaktik tibbi müayinələr uğurla başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə təşkil olunan müayinələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən “Babək Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən həyata keçirilib. Müayinələr rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində 0–18 yaş arası uşaqları əhatə edib.

Ümumilikdə 8 850 uşaqdan 8 416-sı tibbi müayinələrə cəlb olunub. Onlardan 7 655 nəfər tam sağlam (I qrup), 310 nəfər praktik sağlam, lakin riskli (II qrup), 333 nəfər xroniki xəstə – kompensasiya mərhələsində (III qrup), 118 nəfər isə ağır xəstə – dekompensasiya mərhələsində (V qrup) kimi qiymətləndirilib.

Müayinələr ixtisaslı həkim briqadaları tərəfindən mərhələli şəkildə – ilkin skrininq, dərinləşdirilmiş müayinə və yekun qiymətləndirmə mərhələləri üzrə aparılıb. Nəticələrə əsasən risk qrupuna daxil olan uşaqlar əlavə müayinələrə yönləndirilib, zəruri hallarda dispanser qeydiyyatına alınaraq müalicə tədbirlərinə cəlb olunublar.

Qeyd edək ki, həyata keçirilən bu cür tədbirlər uşaqların sağlamlığının qorunmasına yönələn dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, sağlam gələcək nəslin formalaşmasına xidmət edir.