Bir ömrün işığı: Müəllim

Bir ömrün işığı: Müəllim

04 Oktyabr 2026

Cəmiyyətin inkişafını, onun mənəvi və intellektual səviyyəsini müəyyən edən əsas amillərdən biri təhsildir. Təhsilin keyfiyyəti isə ilk növbədə müəllimin peşəkarlığından, dünyagörüşündən, pedaqoji ustalığından və şagirdə yanaşma bacarığından asılıdır. Müəllim yalnız müəyyən fənn üzrə bilik verən şəxs deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərləri mənimsəməsinə, müstəqil düşünmə və düzgün qərar qəbul etmə bacarıqlarının inkişafına istiqamət verən şəxsiyyətdir. Bu baxımdan müəllimlik yalnız peşə deyil, böyük məsuliyyət, mənəvi fədakarlıq və cəmiyyət qarşısında xidmət missiyasıdır.

5 Oktyabr tarixinin Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunması müəllim əməyinə verilən yüksək dəyərin ifadəsidir. Bu gün müəllimlərin cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu diqqətə çatdırmaq, onların zəhmətini qiymətləndirmək və təhsilin insan həyatındakı əhəmiyyətini bir daha vurğulamaq baxımından mühüm əhəmiyyət daşıyır. Müəllim Günü həm də hər bir insanın həyatında iz qoymuş müəllimləri xatırlamaq, onların verdiyi bilik və tərbiyənin dəyərini düşünmək üçün mənəvi bir fürsətdir.

Müəllimlik tarixən cəmiyyətin ən hörmətli peşələrindən biri olmuşdur. Azərbaycan xalqının mədəni və intellektual inkişaf tarixində müəllimlərin xüsusi rolu vardır. XIX əsrin sonlarından başlayaraq maarifçilik hərəkatının genişlənməsi, yeni tipli məktəblərin yaranması, ana dilində təhsilin inkişaf etdirilməsi və savadlılığın artırılması prosesində Azərbaycan ziyalıları mühüm xidmətlər göstərmişlər. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Firidun bəy Köçərli və digər maarifçi ziyalıların fəaliyyəti xalqın maariflənməsinə, təhsilin ictimai əhəmiyyətinin yüksəlməsinə mühüm təsir göstərmişdir.

Azərbaycan maarifçilik tarixində müəllim obrazı yalnız dərs deyən şəxs kimi deyil, xalqın tərəqqisinə xidmət edən ziyalı kimi formalaşmışdır. Müəllim cəhalətə qarşı mübarizənin, maariflənmənin və milli şüurun inkişafının əsas dayaqlarından biri olmuşdur. Bu ənənə sonrakı dövrlərdə də davam etmiş, Azərbaycan məktəbinin inkişafında müəllimlər böyük fədakarlıq göstərmişlər.

Müəllimin əsas vəzifəsi şagirdə yalnız hazır məlumatları çatdırmaq deyil. Müasir təhsil şəraitində müəllim şagirdin düşünmə qabiliyyətini inkişaf etdirməli, onu araşdırmağa, sual verməyə, müqayisə aparmağa, nəticə çıxarmağa və əldə etdiyi bilikləri praktik fəaliyyətdə tətbiq etməyə istiqamətləndirməlidir. Müasir müəllim həm bilik mənbəyi, həm təşkilatçı, həm məsləhətçi, həm də şagirdin inkişafını dəstəkləyən pedaqoji tərəfdaşdır.

Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müəllimin rolunun azaldığını düşünmək doğru olmaz. Əksinə, informasiya bolluğunun mövcud olduğu müasir dünyada müəllimin istiqamətləndirici rolu daha da artır. Şagird müxtəlif mənbələrdən çoxlu məlumat əldə edə bilər, lakin həmin məlumatın doğru və etibarlı olub-olmadığını müəyyənləşdirmək, onu təhlil etmək və sistemləşdirmək üçün müəllimin pedaqoji rəhbərliyinə ehtiyac duyur. Buna görə də müasir müəllim yalnız öz fənnini yaxşı bilməklə kifayətlənməməli, informasiya texnologiyalarından istifadə etməyi, yeni təlim metodlarını tətbiq etməyi və dəyişən təhsil mühitinə uyğunlaşmağı bacarmalıdır.

Müəllim şəxsiyyətinin formalaşmasında mənəvi keyfiyyətlər də mühüm əhəmiyyət daşıyır. Ədalətlilik, səbir, məsuliyyət, obyektivlik, diqqətlilik və humanist münasibət müəllim fəaliyyətinin əsas prinsiplərindən olmalıdır. Şagird müəllimin yalnız dediklərindən deyil, onun davranışından da öyrənir. Müəllimin bir şagirdə göstərdiyi hörmət, onun fikrinə verdiyi dəyər, səhv edən şagirdə münasibəti və uğur qazanan şagirdi dəstəkləməsi təlim prosesinin mənəvi mühitinə birbaşa təsir göstərir.

Müəllim–şagird münasibətlərində qarşılıqlı hörmət xüsusi əhəmiyyət daşıyır. Təlimin səmərəli olması üçün şagird özünü təhlükəsiz və dəyərli hiss etməli, fikrini sərbəst ifadə edə bilməlidir. Müəllimin əsas məqsədlərindən biri şagirdin potensialını üzə çıxarmaq, onun özünə inamını gücləndirmək və fərdi qabiliyyətlərinin inkişafına şərait yaratmaqdır. Hər bir şagirdin maraqları, öyrənmə sürəti və bacarıqları fərqli olduğundan müəllim fərdi yanaşma prinsiplərindən yararlanmalıdır.

Müəllimin fəaliyyəti yalnız məktəb daxilində məhdudlaşmır. O, eyni zamanda cəmiyyətin gələcəyinin formalaşmasında iştirak edir. Bu gün sinif otağında dərs deyən müəllim gələcəyin həkimini, mühəndisini, hüquqşünasını, alimini, yazıçısını, dövlət xadimini və digər peşə sahiblərini yetişdirir. Buna görə müəllimin əməyinin nəticəsi bəzən dərhal görünməsə də, onun təsiri illər sonra özünü göstərir. Müəllimin yetişdirdiyi şagird cəmiyyətə töhfə verdikcə müəllimin əməyi də öz mənəvi bəhrəsini verir.

Azərbaycan təhsilinin inkişafında müəllim əməyinə dövlət səviyyəsində göstərilən diqqət də mühüm amillərdən biridir. Təhsil sisteminin müasirləşdirilməsi, yeni məktəblərin və təhsil müəssisələrinin yaradılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, təlim metodlarının yenilənməsi və rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası müəllimlərin fəaliyyət imkanlarını genişləndirir. Bununla yanaşı, müasir dövrdə müəllimdən daim öz üzərində işləmək, yeni biliklər qazanmaq və pedaqoji yenilikləri mənimsəmək tələb olunur.

Müəllimlik həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin mühüm vasitəsidir. Azərbaycan dilinin, milli ədəbiyyatın, tariximizin, folklorumuzun, musiqimizin və digər mədəni sərvətlərimizin gənc nəslə öyrədilməsində müəllimlərin rolu əvəzsizdir. Şagirdin öz xalqının tarixinə, dilinə və mədəniyyətinə hörmət ruhunda yetişməsi onun milli kimliyinin formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan müəllim həm də milli yaddaşın qoruyucularından biridir.

Azərbaycan xalqının zəngin şifahi xalq yaradıcılığı nümunələri müəllim–şagird münasibətinin və elmə, biliyə verilən dəyərin qədim ənənələrə malik olduğunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqalın, bilicinin və yol göstərən şəxsin cəmiyyətdəki mövqeyi xüsusi diqqət çəkir. Bu ənənə müasir dövrdə müəllim obrazında yeni məzmun qazanır. Müəllim də öz bilik və təcrübəsi ilə gənc nəslə həyat yolunda istiqamət göstərir.

Müəllimin şagird həyatında yaratdığı təsir bəzən bir cümlə, bir məsləhət və ya sadə bir təşviq vasitəsilə özünü göstərə bilər. Vaxtilə dərsdə çətinlik çəkən bir şagirdin müəllim tərəfindən ruhlandırılması onun gələcək həyatında mühüm dəyişiklik yarada bilər. Buna görə müəllimin hər bir sözü və davranışı böyük məsuliyyət tələb edir. Müəllim şagirdin yalnız akademik uğuruna deyil, onun şəxsiyyət kimi formalaşmasına da diqqət yetirməlidir.

Müasir dünyada təhsilin qarşısında duran əsas vəzifələrdən biri yaradıcı və tənqidi düşünən şəxsiyyət yetişdirməkdir. Bu məqsədin həyata keçirilməsində müəllimin peşəkarlığı həlledici amillərdən biridir. Əzbərçilikdən daha çox düşünməyə, müzakirəyə, araşdırmaya və praktik fəaliyyətə əsaslanan təlim şagirdin müstəqil şəxsiyyət kimi formalaşmasına imkan verir. Müəllim bu prosesdə hazır cavabları təqdim edən deyil, şagirdin doğru cavaba özü çatmasına şərait yaradan rəhbər mövqeyində çıxış edir.

Müəllimlik peşəsinin mühüm xüsusiyyətlərindən biri də daim yenilənmək zərurətidir. Elm və texnologiya inkişaf etdikcə təlimin məzmunu və metodları da dəyişir. Bu dəyişikliklər müəllimdən yeni bacarıqlar tələb edir. Müasir müəllim rəqəmsal resurslardan istifadə etməyi, interaktiv təlim üsullarını tətbiq etməyi, müxtəlif səviyyəli şagirdlərlə işləməyi və təlim prosesini onların ehtiyaclarına uyğun qurmağı bacarmalıdır. Lakin bütün texnoloji yeniliklərə baxmayaraq, müəllimin insani münasibəti və pedaqoji nüfuzu öz əhəmiyyətini qoruyur.

Müəllim Günü yalnız müəllimləri təbrik etmək üçün deyil, müəllim əməyinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu düşünmək üçün də bir fürsətdir. Bu gün bizə xatırladır ki, hər bir savadlı vətəndaşın, hər bir mütəxəssisin, hər bir ziyalının həyatında ən azı bir müəllimin xüsusi izi vardır. İnsan illər keçdikdən sonra məktəb illərini, ilk müəllimini, ona öyrədilən ilk hərfləri və ilk uğurlarını xatırlayır. Bu xatirələr müəllim əməyinin insan yaddaşında necə dərin iz buraxdığını göstərir.

Müəllimə hörmət əslində elmə, biliyə və gələcəyə hörmətdir. Cəmiyyət müəllimə nə qədər yüksək dəyər verirsə, təhsilin və biliyin ictimai mövqeyi də bir o qədər yüksəlir. Bu səbəbdən müəllim əməyinin qiymətləndirilməsi yalnız müəyyən bir günlə məhdudlaşmamalı, gündəlik həyatımızda da öz əksini tapmalıdır.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərin əməyini yüksək qiymətləndirmək, onların cəmiyyətin gələcəyinin formalaşmasındakı rolunu bir daha qeyd etmək vacibdir. Müəllim yetişdirən, istiqamət verən, düşündürən və gələcəyə hazırlayan şəxsdir. Onun fəaliyyəti bir sinif otağından başlayaraq bütöv cəmiyyətin gələcəyinə təsir göstərir.

Müəllim haqqında deyilən hər bir söz əslində insanın öz həyatına, keçmişinə və gələcəyinə nəzər salması deməkdir. Çünki hər birimizin həyatında bizə ilk hərfi öyrədən, ilk uğurumuza sevinən, səhvimizi düzəltməyə çalışan, bəzən isə özümüzə belə inanmadığımız məqamda bizə inanan bir müəllim olub. İllər keçir, məktəb illəri geridə qalır, müəllimlə şagirdin yolları ayrılır. Lakin müəllimin verdiyi bilik, söylədiyi bir cümlə, göstərdiyi qayğı və inam insanın yaddaşından silinmir.

Bəlkə də müəllimliyin ən böyük möcüzəsi elə bundadır: müəllim öz zəhmətinin nəticəsini həmişə həmin anda görmür. O, bu gün bir toxum əkir, sabah isə həmin toxumun böyük bir ağaca çevrildiyini görmədən yoluna davam edir. Lakin o ağacın kölgəsində gələcək nəsillər dayanır. Bir şagird alim olur, biri həkim, biri müəllim, biri mühəndis, biri sənətkar, biri isə cəmiyyətə faydalı bir insan. Onların hər birinin uğurunda hansısa müəllimin əməyi, sözü və izi yaşayır.

Əsl müəllim özündən sonra yalnız dərs kitabında yazılan bilikləri deyil, insanlarda yaşatdığı yaxşılığı qoyub gedir. Onun adı bəzən illər sonra belə xatırlanır: “Mənim müəllimim mənə bunu öyrətmişdi...” Bu cümlə müəllim üçün verilə biləcək ən böyük mükafatlardan biridir.

Ona görə də Müəllim Günü yalnız bir peşə bayramı deyil. Bu gün bizim yaddaşımızda iz qoyan insanlara minnətdarlıq günüdür. Bu gün elmə, biliyə, tərbiyəyə və gələcəyə ehtiram günüdür. Ən əsası isə bu gün bizə xatırladır ki, bir müəllimin əlində yalnız təbaşir və kitab deyil, bir nəslin gələcəyi var.

Müəllim məktəbin qapısından içəri daxil olduğu hər gün gələcəyə doğru bir addım atır. Onun yazdığı hər söz, verdiyi hər məsləhət, yetişdirdiyi hər şagird gələcəyin bir parçasına çevrilir. Buna görə müəllimə göstərilən hörmət yalnız bu gün üçün deyil, sabah üçün də qoyulan ən qiymətli sərmayədir.

Mən  də müəlliməm. Buna görə də müəllimlik peşəsinin nə qədər böyük məsuliyyət, səbir və fədakarlıq tələb etdiyini hər gün öz fəaliyyətimdə hiss edirəm. Mən bilirəm ki, qarşımda oturan hər bir tələbə sadəcə bir tələbə deyil, gələcəyin bir şəxsiyyəti, bir mütəxəssisi, bir ziyalısıdır. Onun dünyagörüşünün formalaşmasında, həyata baxışında, özünə və cəmiyyətə münasibətində mənim də müəyyən izim ola bilər. Bu düşüncə müəllimlik məsuliyyətini daha da böyük edir.

Müəllim olmaq mənim üçün yalnız dərs demək, proqramı izah etmək və bilik vermək deyil. Müəllim olmaq bir insanın həyatına toxunmaq, onun uğuruna sevinmək, çətinliyində yanında olmaq, bəzən bir sözlə ona inam verməkdir. Tələbələrimin illər sonra qazandıqları uğurlarda öz əməyimin kiçik də olsa payını görmək mənim üçün ən böyük mükafatdır.

Ulu öndərimiz  Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri müəllimlik peşəsinin cəmiyyətimizdəki mənəvi dəyərini ən yığcam və təsirli şəkildə ifadə edir. Mən müəlliməm və bu adı böyük məsuliyyətlə daşıyıram. Çünki bilirəm ki, müəllimin dediyi söz unudula bilər, amma onun şagirdinin və tələbəsinin qəlbində yaratdığı inam uzun illər yaşaya bilər. Bu səbəbdən hər dərsə yalnız bir dərs kimi deyil, gələcəyə atılan bir addım kimi baxıram.

Bu gün Müəllim Günü münasibətilə həmkarlarımı təbrik edərkən bir həqiqəti bir daha vurğulamaq istəyirəm: müəllimlik sadəcə peşə deyil, insan yetişdirmək missiyasıdır. Biz bu missiyanı nə qədər vicdanla yerinə yetirsək, gələcəyimiz də bir o qədər işıqlı olacaq.

Mən müəlliməm. Mənim ən böyük qazancım nə titul, nə də mükafatdır. Mənim ən böyük qazancım illər sonra bir tələbəmin qarşıma çıxıb “Müəllim, sizin dediyiniz söz mənim həyatımı dəyişdi” deməsidir. Elə həmin an anlayıram ki, müəllimlik yolunda çəkilən bütün zəhmətə dəyər.

Çünki müəllim bir ömür dərs deyir, amma onun dərsi bir ömür boyu yaşayır.

Fəxriyyə  CƏFƏROVA