Bir universitet, minlərlə tələbə və onları tanıyan rektor:

Bir universitet, minlərlə tələbə və onları tanıyan rektor: Elbrus İsayev

08 Mart 2026

Naxçıvanın qədim mədəniyyət ənənələri, zəngin elmi mühiti və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək istiqamətində atılan addımlar bu gün də özünü aydın şəkildə göstərir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti təkcə elm və təhsil ocağı deyil, eyni zamanda mədəniyyət və incəsənətin inkişaf etdiyi mühüm bir yaradıcılıq məkanıdır.

Naxçıvan Dövlət Universitetinin özünəməxsus ənənələri var. Burada rasional elmlərlə yanaşı, incəsənət və humanitar sahələr də xüsusi diqqət mərkəzində saxlanılır. Bu yanaşma qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan mühitində istedadlı gənclərin gələcəkdə sənətkar kimi yetişməsi üçün geniş imkanlar yaradır.

2026-cı ilin mart ayında universitetdə keçirilən “Elm aylığı – 2026” tədbirləri də bu ənənənin bariz nümunəsidir. Martın 4-dən 16-dək davam edən bu layihə çərçivəsində müxtəlif elmi konfranslar, müzakirələr, təqdimatlar və yaradıcı tədbirlər təşkil olunub. Aylığın açılış mərasimi martın 4-də baş tutdu və tədbir universitet həyatının həm elmi, həm də mədəni tərəflərini bir araya gətirdi.

Açılış mərasimində əvvəlcə rəsmi çıxışlar oldu. Elm və təhsilin inkişafından, gənc tədqiqatçıların yetişməsinin əhəmiyyətindən, universitetin yeni hədəflərindən danışıldı. Bu çıxışlardan sonra isə tədbir daha fərqli bir ab-hava aldı – səhnə gənc sənətkarların ixtiyarına verildi. Konfransın bədii hissəsində universitetin ikinci kurs magistr tələbələrinin hazırladığı konsert proqramı təqdim edildi. Mən də Naxçıvan Dövlət Universitetinin magistr pilləsində “Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” ixtisasında təhsil aldığım üçün həmin proqramda çıxış edən tələbələr arasında idim.

Səhnəyə çıxmaq, auditoriya qarşısında çıxış etmək hər bir sənət adamı üçün xüsusi bir duyğudur. Amma bu dəfə atmosfer daha fərqli idi. Çünki bu səhnə sadəcə bir konsert proqramı deyil, eyni zamanda elm və sənətin vəhdətini göstərən bir platforma idi.

Tələbələrin ifaları, musiqi və teatr elementləri ilə zəngin olan proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Səhnədəki hər çıxış gənclərin potensialını, yaradıcılıq enerjisini və sənətə olan sevgisini nümayiş etdirirdi.

Konsert proqramının sonunda universitetin rektoru Elbrus İsayev səhnəyə qalxaraq yaradıcı kollektivə təşəkkür etdi. Onun çıxışı tədbirin ən yaddaqalan məqamlarından biri oldu. İşin ən diqqət çəkən tərəfi isə bu idi ki, rektor səhnədə çıxış edən tələbələrin demək olar hamısını tanıyırdı. O, hər birinə adı ilə müraciət edir, ifalar haqqında fikirlərini bildirirdi. Bu məqam mənim üçün xüsusilə təsirli idi. Çünki on minlərlə tələbəsi, müxtəlif fakültələri, kollecləri və beynəlxalq təhsil proqramları olan böyük bir universitetin rəhbərinin tələbələri tanıması və onların yaradıcılığına belə diqqət göstərməsi nadir bir haldır. Təkcə tədbirdə iştirak etmək deyil, konsert proqramını sonuna qədər diqqətlə izləmək və tələbələrlə ünsiyyət qurmaq Elbrus İsayevin sənətə və gənclərin yaradıcılığına verdiyi dəyərin bariz göstəricisidir.

Son illər Naxçıvan Dövlət Universitetində təkcə elmi fəaliyyət deyil, mədəni və yaradıcılıq istiqamətləri də geniş şəkildə inkişaf etdirilir. Universitet rəhbərliyi tələbələrin elmi və sosial fəaliyyətlərini stimullaşdırmaq, müxtəlif layihələr və tədbirlər təşkil etmək istiqamətində mühüm addımlar atır. Universitetdə keçirilən teatr tamaşaları, konsert proqramları, poeziya gecələri, sərgilər və tələbə festivalları gənclərin yaradıcılıq potensialının üzə çıxmasına xidmət edir. Bu cür tədbirlər gənclərin yalnız akademik biliklərini deyil, həm də estetik dünyagörüşünü formalaşdırır.

Bununla yanaşı, universitet beynəlxalq əməkdaşlıqları, elmi layihələri və tələbə mobilliyi proqramları ilə də diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən tələbələrin burada təhsil alması, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi və yeni elmi mərkəzlərin yaradılması universitetin inkişaf strategiyasının əsas istiqamətlərindəndir.  “Elm aylığı – 2026” çərçivəsində keçirilən həmin konsert proqramı mənim üçün sadəcə bir çıxış deyildi. Bu tədbir bir daha göstərdi ki, elm və sənət bir-birindən ayrı deyil – əksinə, onlar bir-birini tamamlayan iki böyük sahədir.

Gənclərin yaradıcılığına göstərilən diqqət, rəhbərliyin sənətə verdiyi dəyər və universitetdə formalaşan mədəni mühit bu ali təhsil ocağını daha da fərqli edir. Belə bir mühitdə təhsil almaq isə gənclər üçün yalnız diplom əldə etmək demək deyil. Bu, həm də özünü tapmaq, istedadını inkişaf etdirmək və gələcəkdə cəmiyyətə faydalı bir insan kimi yetişmək deməkdir. Və həmin gün mən bir daha əmin oldum ki, Naxçıvan Dövlət Universiteti yalnız elm məbədi deyil – o, həm də gənc istedadların yetişdiyi böyük bir mədəniyyət ocağıdır.

İsmayıl MİRZƏCANOV

Naxçıvan Dövlət Universitetinin 2-ci kurs magistrantı