Dünyanın ən gözəl sözüdür ANA!
Balzak: Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. "Bir ana ürəyi dibində əfv olan bir uçurumdur".
Ana! Bu sözdə nə qədər dərin məna, nə qədər böyük hikmət var. Ana! Bu üç hərfdən ibarət sözdə nə qədər məhəbbət, nə qədər qayğı,sevgi cəmləşib. Qadın ilahi qüvvə, ulu varlıqdı. Alilik, adillik timsalıdı. Yaradan, yaşadan, qoruyan, saxlayandı. El anasıdı, dünyalar dünyasıdı. Bəşərə zinət, insanlığa şöhrətdi. Qadın ucalıq, ülvilik timsalıdı. Gözlərə işıq, qəlblərə yaraşıqdı. Ana vətəndi, vətən də ana...
Ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb.
Əfzələddin Xəqani Ana haqqını belə qiymətləndirmişdir:
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim bu məhəbbəti.
Onun ruzisi ilə xoş olar halım,
Onun duası ilə gülər iqbalım.
Onun hər sözündən alaram qüvvət,
Qəlbimi mum etdi, verdi nəsihət.
Düşmən tənəsilə, kəsilsə yolum,
O, zərif qarıdan güc alır qolum...
Sənətkarlarımız anaya olan sonsuz məhəbbətini müxtəlif sənət əsərlərində qələmə almışlar. C Cabbarlının "Ana" şeirini xatırlatmaq kifayətdir ki, ana məhəbbətinin müqəddəsliyini tam təsəvvür edə biləsən.
Ana! Ana!. o adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.
Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq pərvanədir.
Dolanır başına daim övladın,
Ana müqəddəsdir, o təmiz qadın.
M. S. Ordubadi isə yazırdı: "Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. Ən səmimi sevgilər, ən coşqun, saf məhəbbətlər və vicdani sədaqətlər "ana" kəlməsində olan həqiqi mənanı ifadə etməkdə acizdir.
Ümummilli lider deyib ki, Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir.
Bəzən elə övladlar var ki, onu böyüdən, ərsəyə gətirən, min bir əzabını çəkən anasına yetərincə diqqət ayırmır. Əli Kərim belələri haqqında "Qaytar ana borcunu" adlı şeirində kəskin və qətiyyətlə deyirdi:
Deyirəm ki, o boyu, buxunu qaytar geri,
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
o borc sənin özünsən, özünü qaytar geri!
Şair Çingiz Əlioğlu isə bu borcu qaytarmaq üçün görün nə deyir: "Bir ana borcunu qaytarmaq üçün, taledən beş ömür alasan gərək". Tofiq Bayram isə ana qədrini bilməyənlərə üz tutaraq yazırdı:
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib vədəsiz qocaldan da biz.
Biləndə qədrini bu cahanda biz
Həmişə cavandır ana ürəyi.
Bəxtiyar Vahabzadə də gözlərinin işığını əridib yollarımıza nur çiləyən analar barəsində saysız-hesabsız poetik ərməğanlar qələmə alıb. Bu mövzuda yazılan şeirlərindən hansı ləçəyi çəksən, müdrik bir fikrin əks-sədasıdır: "Əgər ana ürəyinə toxunsan, quş yuvası dağıdırsan elə bil", "Sənin zəif vücudunun önündə, əyilmək də ucalmaqdır, ay ana!".
Şair Zeynal Vəfa "Analar" adlı şeirində bu böyük ürəkli müqəddəs varlığın ünvanına göndərdiyi poetik töhfədə üstümüzdə haqqı ömürlük olan, borcunu heç vaxt qaytara bilməyəcəyimiz zərif, lakin qüdrətli xilqət haqqında öz duyğularını belə ifadə edir:
Analar Günəşdən, Aydan qəlbidir,
Silərlər cahandan kədəri, yası.
Dünyanın paytaxtı ana qəlbidir,
Dünyanın ilk himni ana laylası.
Anasız olmasın ömrü heç kəsin,
Günəştək nur səpir eşqi cahana.
Everest zirvəsi qoy inciməsin,
Dünyada ən uca zirvədir ana!
Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir: "Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam... Kaş bircə dəfə də olsa, onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa, ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim".
Bəli, ana müqəddəsdir, ana həyatdır. Ana övladlarına sanki nəfəsdir. Ana sevgisi sevgilərin ən gözəlidir. Ana - bağlılığın, fədakarlığın, əliaçıqlığın, qarşılıq gözləmədən verməyin və sevməyin simvoludur. Ana ilahi rəhmətə bənzəyir. Hər zaman verir, amma qarşılıq gözləmir.
Anasız olmasın ömrü heç kəsin
Cahan bir yanadır ,o bir yanadır
Everest zirvəsi qoy inciməsin
Dünyada ən uca zirvə anadır.
Əziz, analar, qarşınızda baş əyir, Sizlərə səcdə edirik.
Fəxriyyə CƏFƏROVA








