Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTO
Martın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda "8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə, istedadlı qadınların, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarının rəsm və əl işlərindən, ailə təsərrüfatı məhsullarından, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan ibarət sərgi-satışa baxış keçirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan qadını cəmiyyətin inkişafında aparıcı güc olmaqla yanaşı, ən əsası analıq missiyası ilə tarixin bütün zamanlarında öz ucalığını qoruyub saxlamışdır. Belə ki, qadınlarımız ailədə ana, həyat yoldaşı cəmiyyətdə isə fərd olaraq yalnız ailə ocağının deyil, eyni zamanda həmişə elm, mədəniyyət, təhsil, səhiyyə və ictimai həyatın fəal iştirakçıları olmuşlar. Ölkəmizdə dövlət-qadın siyasətinin formalaşması və güclənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hərəkatının həyata keçirilməsini dövlətçiliyin prioritet istiqaməti olaraq daim diqqətdə saxlamış və demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Ulu Öndərin bu deyimindən ilhamlanan Azərbaycan qadını bütün işlərdə kişilərlə bərabər çiyin-çiyinə cəmiyyətdəki mövqeyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlarla irəliləmişdir. Bu irəliləyişin də səbəbində, həmçinin həmin dövrdə qadın hüquqlarının qorunması ilə bağlı bir çox normativ- hüquqi aktların qəbul olunması, ölkəmizin bir çox beynəlxalq konvensiyalara qoşulmasıdır.
Ramilə Seyidova qeyd edib ki, bu gün Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, idarə etmək, özünü sübuta yetirmək, təsdiq etmək kimi şərait yaradılmışdır . İnkişafa, tərəqqiyə yol açmış gözəl bir ölkədə yaşamaq, dövləti, rəhbəri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmaq – bütün bunlar hamısı Azərbaycanda həyata keçirilən düzgün siyasətin nəticəsidir. Azərbaycan ailəsində ağıllı, zəkalı, vətənpərvər gənclik yetişir və onun xoşbəxt gələcəyini təmin etməyə qadir bir cəmiyyət formalaşmışdır.
Bütün bunlar bu şəraitləri ölkəsi və xalqı üçün yaradan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə dövlət qadın və gender siyasəti uğurla həyata keçirilir. Qadınların hüquqlarının qorunması, sosial problemlərinin həlli ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilir, dövlət proqramları qəbul edilir. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, xüsusən də 2006-cı il 10 oktyabr tarixində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, müvafiq sahədə mühüm irəliləyişlərə səbəb olmuşdur. Bu 20 illik dövr keçilən yolda əldə edilən nailiyyətlər, xüsusən də qadınların əmək bazarına çıxışı, təhsildə irəliləyiş, siyasi sferada qadın təmsilçiliyi, gender stereotiplərinin ləğv olunması, dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq olunması növbəti illərdə gender siyasətinin daha da uğurlu nəticələrin olacağına əminliyimizi artırır. Komitə sədri bildirib ki, bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanım Əliyeva həmişə əhalinin sosial məsələlərinin həll olunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan ailələrin, qadınların və uşaqların problemlərinin öyrənilməsi və onlara qayğı göstərilməsi istiqamətində xüsusi missiyasını həyata keçirir. Həmçinin Mehriban xanım beynəlxalq ictimaiyyət qarşısında nüfuz qazanan ictimai-siyasi xadim adını daşımaqla hər kəsə örnək olan əsl Azərbaycan qadınıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla dövlətin qadın və gender siyasəti həyata keçirilir. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Müvafiq dövlət proqramında, eyni zamanda müvafiq Təfsilatı tədbirlər planında sosial sahələrin inkişafı ilə bağlı bir çox layihələrin icrası nəzərdə tutulmuşdur ki, bu ölkədə, eyni zamanda muxtar respublikada ailə, qadın və uşaq məsələlərinin həll olunmasına yaradılan şərait və həmçinin onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Məlumat üçün qeyd edim ki, dövlət proqramına uyğun olaraq muxtar respublikada Regional Ailə mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur ki, hal-hazırda Şərur və Culfa Regional Ailə mərkəzlərinin layihə-smeta sənəndləri hazırlanmış və ekspertiza mərhələsindədir. Regional Ailə mərkəzlərinin yaradılması Naxçıvan Muxtar Respublikasında ailələrin dəstəklənməsi mexanizmlərinin daha da güclənməsinə, əhalinin sosial xidmətlərə əlçatanlığının artırılmasına mühüm töhfə verəcəkdir. Ramilə Seyidova çıxışı zamanı əldə olunan uğurlu statistik göstəriciləri də diqqətə çatdırıb.
Həmçinin komitə sədri çıxışının sonunda vurğulayıb ki, ötən gün Naxçıvan Muxtar Respublikasında baş vermiş terror hadisəsi ilə bağlı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın bu cür təxribatlarla barışmayacağını bildirib. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin daxili və xarici siyasətinin milli maraqlara əsaslandığını bir daha nümayiş etdirir. Naxçıvan qadınları da hər zaman olduğu kimi, bu gün də dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin sabitliyi, inkişafı və tərəqqisi naminə həyata keçirilən siyasəti dəstəklədiklərini ifadə edirlər. Hər zaman Azərbaycan qadınlarına göstərdiyi yüksək diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Daha sonra Ramilə Seyidova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edərək onlara işlərində müvəffəqiyyətlər, sağlam və firavan həyat arzulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Cəmilə Babayeva çıxış edərək qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynadıqlarını vurğulamış, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından bəhs etmiş və bayram münasibətilə xanımları təbrik etmişlər.
Tədbirin davamında muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 24 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunmuşdur.
Daha sonra isə tədbir bədii hissə ilə davam edib. Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradıcı kollektivləri, şəhid övladları, Naxçıvan şəhərində fəaliyyət göstərən 7 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və və rəqs nömrələri göstərilmişdir. Sonda tədbir iştirakçılarına hədiyyə və gül təqdim olunmuşdur.













