DYP sürücülərə müraciət edib
Sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına keçməsi ölkə yollarında baş verən ağır nəticəli qəzaların əsas səbəblərindən biri olaraq qalır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, nəqliyyat vasitələrinin yoldan çıxması, aşması və yolkənarı maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növlərinin çox vaxt məhz sürücülərin yuxulu və ya halsız şəkildə yola çıxması ilə bağlı olduğunu göstərir:
"Belə hallarda sürücünün diqqətinin zəifləməsi, reaksiyanın ləngiməsi və idarəetmə bacarığının azalması qəza riskini kəskin artırır. Son dövrdə xüsusilə kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə nəzarətin zəif olması bir sıra ağır qəzalarla nəticələnib.
Səhər saatlarında yuxusuz halda yola çıxmaq və uzun məsafələri fasiləsiz qət etmək sürücünün yuxulama ehtimalını yüksəldir. Bu isə diqqət yayınması və qəfil idarəetməni itirmə hallarına yol açaraq faciəvi nəticələrə səbəb olur.
Məsul qurumlar bildirirlər ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməli, sürücülərin iş-güc və istirahət rejiminə ciddi nəzarət olunmalıdır. Yorğun və yuxusuz sürücünün yola buraxılması yolverilməzdir.
Xatırladılır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir", - müraciətdə qeyd olunub.








