Naxçıvanda ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb

Naxçıvanda ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb

06 Dekabr 2025

Naxçıvanda ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb


Naxçıvan şəhəri və Şərur rayonunda yeni salınmış tingçilik sahələrinə və kolleksiya meyvə bağına baxış keçirilib.

Təqdimat zamanı bildirilib ki, intensiv bağçılığın inkişafı muxtar respublikada prioritet istiqamətlərdəndir. Bu çərçivədə Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Naxçıvan şəhəri və Şərur Dayaq Məntəqəsində ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb. Artıq burada sağlam və yüksək məhsuldarlığa malik tinglərin yetişdirilməsinə başlanılıb. Ting materialı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan əldə olunub.

Layihənin əsas məqsədi sağlam əkin materialı istehsalını təmin etmək, meyvə bağlarında məhsuldarlığı artırmaq, regionda dayanıqlı ting bazası formalaşdırmaq və elmi-texnoloji yeniliklərin tətbiqini genişləndirməkdir. Təşəbbüs, həmçinin, muxtar respublikanın ixrac potensialının daha da yüksəldilməsinə xidmət edir.

Yeni yaradılmış sahələrdə gilas, badam və şaftalı olmaqla 21 xarici sort üzrə 1050 ədəd ting və 50 min ədəd calaqaltı salınıb. Kolleksiya bağı müasir standartlara uyğun suvarma sistemi ilə də təmin olunub.

Qeyd edək ki, tingçilik sahələri və kolleksiya meyvə bağı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 2 hektar ərazidə salınıb.