İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər

İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər

26 Fevral 2026

Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, məhz Azərbaycanın təkidli səyləri nəticəsində artıq 20-yə yaxın ölkə bu cinayəti soyqırımı kimi rəsmən tanıyıb və proses davam etdirilir:

"Xocalıya ədalət!" hərəkatının təsiri böyük olub. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular".